Hörmətli Simpozium İştirakçıları

III Türk Dünyasında Azərbaycan dili və Ədəbiyyatı Araşdırmaları Beynəlxalq Elmi Simpoziumu

Birincisi Bakıda, Xəzər Universitetinin, ikincisi isə Türkiyənin Kars şəhərində, Qafqaz Universitetinin ev sahibliyi ilə keçirilən bu simpoziumun üçüncüsü 8–9 oktyabr 2026-cı il tarixlərində Qırğızıstanın paytaxtı Bişkek şəhərində Cusup Balasaqun adına Qırğızıstan Milli Universitetində Xəzər Universitetinin 35 illiyi və Cusup Balasaqun adına Qırğızıstan Milli Universitetinin 100 illiyi çərçivəsində Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin və Cusup Balasaqun adına Qırğızıstan Milli Universitetinin təşkilatçılığı ilə keçiriləcəkdir.

Simpoziumun əsas məqsədi Xəzər Universitetinin 35 illik və Cusup Balasaqun adına Qırğızıstan Milli Universitetinin 100 illik yubileyləri çərçivəsində hər iki ali təhsil müəssisəsinin elm və təhsil sahəsindəki fəaliyyətini beynəlxalq səviyyədə tanıtmaq, Azərbaycan və Qırğızıstan arasında elmi və akademik əlaqələrin inkişaf etdirilməsinə, türkoloji tədqiqatlar sahəsində təcrübə və elmi fikir mübadiləsinin genişləndirilməsinə, Azərbaycan dili və ədəbiyyatının Türk dünyasında tədqiqi və tədrisi ilə bağlı aktual məsələlərin müzakirəsinə, eləcə də digər türkdilli ölkələrin elmi müəssisələri arasında əməkdaşlığın yeni səviyyəyə yüksəldilməsinə xidmət etməkdir. 


 

II Türk Dünyasında Azərbaycan Dili və Ədəbiyyatı Araşdırmaları Beynəlxalq Elmi Simpoziumu

Birincisi Bakıda Xəzər Universitetinin ev sahibliyi ilə keçirilən bu simpoziumun ikincisi  Türkiyənin Kars şəhərində Qafqaz Universitetinin ev sahibliyi ilə Qafqaz Universitetinin Müasir Türk Ləhcələri və Ədəbiyyatları Bölməsinin, Azərbaycan Türkcəsi və Ədəbiyyatı kafedrasının yaradılmasının 20-ci ildönümü münasibətilə təşkil olunur.

Simpoziumun əsas məqsədi Azərbaycan türkcəsinin tədrisi və türkoloji sahədə elmi fəaliyyətlər başda olmaqla, sosial elmlərin müxtəlif istiqamətlərində Türk dünyasına dair araşdırmalar aparan alim və tədqiqatçıları bir araya gətirməkdir. Bu çərçivədə mədəni kontekstdə meydana qoyulmuş əsərlərin, tədqiqatların və qarşılıqlı əlaqələrin dəyərləndirilməsi, aparılan araşdırmaların paylaşılması və ictimaiyyətin diqqətinə təqdim edilməsi qarşıya məqsəd qoyulur.


 

I Türk Dünyasında Azərbaycan dili və Ədəbiyyatı Araşdırmaları Beynəlxalq Elmi Simpoziumu

Azərbaycanda ilk ingilisdilli özəl ali məktəb olan Xəzər Universiteti fəaliyyətə başladığı ilk gündən Azərbaycan dilinin, ədəbiyyatının, incəsənətinin təbliğinə xüsusi qayğı ilə yanaşmışdır. Müstəqillik illərindən başlayaraq ölkənin təhsil sisteminin modernləşdirilməsində müstəsna rolu olan Universitet dünyanın tanınmış alim və ziyalılarının iştirakı ilə elm, təhsil, mədəniyyət və incəsənətin mühüm məsələlərinə həsr edilmiş elmi simpozium, konfrans, seminarlar təşkil etmişdir.

Azərbaycan dövlətinin müəyyənləşdirdiyi əsas prioritetlərdən biri dil və ədəbiyyat siyasətidir. Ulu öndər Heydər Əliyev soydaşlarımızı ana dilində danışmağa, onu öyrənməyə çağırmış, ədəbiyyatın xalqın, millətin həyatında əvəzsiz rol oynadığını, bədii sözün cəmiyyətə, millətə, xalqa təsirini dəfələrlə vurğulamış, bununla fəxr etməli olduğumuzu qeyd etmişdir. Müstəqillik illərindən başlayaraq dövlətin apardığı dil və ədəbiyyat siyasəti bu gün də Cənab Prezident İlham Əliyev tərəfindən sistemli və ardıcıl şəkildə həyata keçirilir. Prezident İlham Əliyevin 2004-cü ildə kütləvi nəşrlərin latın qrafikasıyla aparılması haqqında verdiyi sərəncam yeni dövrün ən mədəni və mütərəqqi hadisələrindəndir.

Azərbaycan dilinin beynəlxalq aləmdə tədrisi və təbliği məsələləri özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Sevindirici haldır ki, 11 noyabr 2022-ci ildə Səmərqənddə keçirilmiş Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə Cənab Prezident İlham Əliyev öz nitqində diqqəti bir daha Azərbaycan dilinin beynəlxalq aləmdə nüfuzu və roluna yönəldərək doğma dilimizin beynəlxalq arenada tədrisi və təbliği məsələsini aktuallaşdırdı. Prezidentin Türk dünyasının coğrafi sərhədlərinin daha geniş olduğunu ifadə edərək böyük Türk dünyasının yalnız müstəqil türk dövlətlərindən ibarət olmadığını bildirməsi mühüm tarixi hadisə kimi dəyərləndirilməlidir.

“Türk Dünyasında Azərbaycan Dili və Ədəbiyyatı Araşdırmaları” I beynəlxalq elmi simpozium Sakit okean hövzəsindən Balkan yarımadasına qədər geniş bir coğrafiyada yaşayan Türk xalqlarının mədəniyyətinin bir parçası olan azərbaycanlıların dil və ədəbiyyat məsələlərinin tədqiq edilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Simpoziumun məqsədi Şərq və Qərb türkləri arasında geopolitik bir mövqedə yaşayan azərbaycanlıların dil və ədəbiyyat məsələlərinə diqqət çəkmək, Türk dünyasında sahə ilə əlaqəli linqvistik tədqiqatları, eyni zamanda əbəbi şəxsiyyətlərin yaradıcılığının tədqiq prosesini nəzərdən keçirmək, Türk dünyası ziyalıları, tədiqatçıları arasında kommunikasiyanı gücləndirməkdir.

“Türk Dünyasında Azərbaycan Dili və Ədəbiyyatı Araşdırmaları” elmi simpoziumunun Şərq və Qərb türkləri arasında körpü yaradacağına, Azərbaycan dilinin və ədəbiyyatının beynəlxalq aləmdə araşdırılması və təbliğinə mühüm töhfə verəcəyinə inanırıq və Simpoziumun hər il dəyərli elm xadimlərini bir araya gətirərək dil və ədəbiyyat məsələlərini müzakirə edəcəyi elmi bir yığıncağa çevriləcəyini arzu edirik.

III Türk Dünyasında Azərbaycan dili və Ədəbiyyatı Araşdırmaları Beynəlxalq Elmi Simpoziumu

8–9 oktyabr 2026-cı il, Cusup Balasaqun adına Qırğızıstan Milli Universiteti, Bişkek